G5

G5

Thursday, March 26, 2015

NEFT ERASININ SONU

Neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatı üçün böyük problem kimi görünsə də, əslində gələcəyə indidən hazırlaşmamız istiqamətində bizə indidən böyük siqnallar verdiyi üçün böyük avantajdır.
2014-cü ilin sonu, 2015-ci ilin əvvəli Azərbaycan da daxil olmaqla, neft ixrac edən ölkələr üçün uğursuzluqlarla yadda qaldı. Belə ki, neftin qiyməti 2014-cü ilin iyun ayında 110$-ı keçmişkən, kifayət qədər dəyər itirərək ilin sonunda 40$-a yaxınlaşdı. Hal hazırda neftin qiyməti 50-60$ arasında vargəl edir.
Neftin qiymətinin düşməsi haqqında bir sıra konspirasiya nəzəriyyələri mövcuddur. Bəzilərinə görə neftin qiymətinin düşməsinin əsas səbəbi ABŞ-ın Rusiyanı cəzalandırmaq istəyindən irəli gəlir. Bəzilərinə görə əsas neft ixracatçısı olan Səudiyyə krallığı ABŞ-ın şist neftini bazardan sıxışdırıb çıxarmaq üçün neftin qiymətini bilərəkdən aşağı salır.
Digər nəzəriyyətlərə görə isə, alternativ enerji və şist neftinin istifadəsinin artması dolayısı ilə neft istehlakına və neft qiymətlərinə mənfi təsir göstərmişdir.
Neftin qiymətinin kəskin düşməsi fonunda Səudiyyə krallığının və OPEC-in hasilatı azaltmaması isə insanda konspirasiya nəzəriyyələrinə inamı artırır. İstər neftin qiymətinin 110$ həddinə çatması, istərsə də 50$-a qədər enməsinin konspirasiya nəzəriyyələrinə əsaslandırmaq mümkündür.
Neft hal-hazırda hələ də dünya iqtisadiyyatını müəyyən edən dominant əmtəələrdən biridir. Təsadüfi deyil ki, bir çox tədqiqatçılar elmi məqalələrində bu dövrü “Neft Erası” adlandırırlar. Bu qədər strateji bir məhsulun spekulyasiyalara məruz qalması da konspirasiya nəzəriyyələrinə görə adi haldır.
Ölkəmizin də bu qədər strateji məhsul olan neft ixrac etməsi ilk baxışdan çox böyük bir şansdır. Lakin ölkə iqtisadiyyatı neftdən asılı vəziyyətdə olduqda isə, neft məhsulu üzərindəki spekulyasiyalar ölkə iqtisadiyyatına dərindən təsir edir və tarazsızlıq yarada bilir. Necə ki, hal-hazırda büdcə gəlirlərinin azalması və manatın ucuzlaşması fonunda bu ağrılı prosesdən keçirik.
İkinci bir tərəfdən də belə bir nəzəriyyə də var ki, neft əksər ölkələrə bədbəxtlik və tənbəllik gətirir. İqtisadi cəhətdən baxdığımızda, qeyri neft sektoru zəif inkişaf edir, iqtisadiyyatın effektivliyi azalır və ölkə tədricən neftdən asılı vəziyyətə düşür. Siyasi cəhətdən isə, dünyada böyük güclər arasında gedən mübarizə və çəkişmələrin predmeti olur və bu prosesdə ən çox yara alan tərəflərdən birinə çevrilir.
Eyni ilə, zəngin neft və qaz resurslarımız sayəsində ölkəyə külli miqdarda valyuta cəlbini təmin edə bilsək də, qeyri neft sektoru üzrə iqtisadi dinamiklərimiz yetəri qədər inkişaf edə bilmədi. Təsadüfi deyildir ki, 2014-cü il üzrə ölkə ixracatının 95%-ini neft və qaz məhsulu təşkil etmişdir.
Neft erasının avantajlarından bəhrələnərək dövlətimiz neft fonduna 35 milyard dollardan artıq vəsait toplaya bilmişdir. Lakin bu avantajlar və neft erası əbədi deyildir. Hər şeyin bir sonu olduğu kimi, neft erasının da sonu vardır və ölkə rəhbərliyi, eləcə də müəssisə və təşkilatlar, həmçinin ayrı-ayrı fərdlər özlərini bu sona və növbəti dövrün başlanğıcına hazırlamalıdırlar.
Neft erasının nə vaxt sona çatacağı ilə bağlı bir çox fərziyyələr vardır. Mənim şəxsi düşüncəmə görə biz addım addım neft erasının sonuna yaxınlaşırıq. Əvvəlcədən oxucularıma bildirmək istəyirəm ki, neft erasının sonu, neft istehlakının sonu demək deyil. Neft erasının sonu deyildikdə, neftin bir əmtəə olaraq dominant gücünü itirməsi və yerini başqa əmtəələrə verməsi nəzərdə tutulur. Neft hələ uzun müddət mühərriklərdə, zavod və fabriklərdə yanacaq olaraq istifadə olunacaqdır. Bir də ki, neft erasının sonuna hələ çatmadığımızı, hələ qarşıda 4-5 il, ən yaxşı halda 10 ilə qədər vaxtımız olduğunu düşünürəm.
Guy Bechon isə iddia edir ki, 2015-ci ilin başlaması ilə dünya yeni bir dövrə qədəm basıb. Ərəb nefti erası bitmiş, qlobal innovasiya və texnologiya, məlumat inqilabı, intellekt dövrü başlamışdır. Artıq xammal hesabına gəlirlərin külli miqdarda artırılması az ehtimal olunur.
Elə məhz ölkə prezidentinin 27 yanvar tarixli müşavirəsində səsləndirdiyi bəyanatlar, və eləcə də daha əvvəlki kimi valyuta ehtiyyatlarımızı artıra bilməyəcəyimizi bildirməsi də neft qiymətinin bundan sonra qalxacağına inamsızlığın təzahürüdür.
Bildiyiniz kimi, 2014-cü ildə Azərbaycan öz valyuta ehtiyatlarının hesabına neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına baxmayaraq manatın məzənnəsini qoruyub saxlaya bilmişdi. Lakin manatın PR-ı üçün atılan addımlara baxmayaraq neft qiymətlərinə olan inamsızlıq səbəbi ilə 2015-ci il fevral ayında artıq devaluasiyaya gedildi. Fikrimcə, manatın dəyər itkisi artaraq davam edəcəkdir. Fevral ayında 34%-lik bir dəyər itkisi ilə qarşı qarşıya qaldıq. Gələn il istər neft, istər manatın dəyərində ara sıra dalğalanmalar görsək də, bu nisbət hətta daha da artacağını düşünürəm. Manatın ilin sonuna məzənnəsinin nə olacağının proqnozunu vermək çətin olsa da, gəlirlərimizin kifayət qədər azalacağını dəqiq demək olar.
Neftin qiymətinin aqibəti haqqında müxtəlif araşdırmaçıların fərqli fikirləri mövcuddur. Bəzi araşdırmaçılar neftin real qiymətinin 70-80$ arasında olduğunu və 60$ həddində təklif olunacağını bildirirlər. Bəziləri neftin hətta 10$-a qədər düşəcəyi haqqında yazılar yazırlar. Fikirlər fərqli olsa da, hər kəs neft qiymətinin dinamikasının ürəkaçan olmayacağını qəbul edirlər. Dennis Gartmanın demişkən, “əhəmiyyətli olan neftin konkret qiymətinin nə olacağı deyil, neftin qiymətinin aşağı düşəcəyidir”.
Bu vəziyyət əsas neft istehlakçısı olan dövlətlərin iqtisadiyyatlarına müsbət töhfə verəcək, iqtisadiyyatı neftdən asılı olan neft ixrac edən dövlətlər üçün ciddi problemlərə səbəb olacaqdır. Xüsusilə Azərbaycan kimi qeyri neft sektorunu inkişaf etdirməmiş, resurslarını effektiv idarə etməyən dövlətlər üçün böhranın qapının ağzında olduğunu deyə bilərik.
Bəs bu halda nə etməli?
Makro iqtisadi cəhətdən bu məsələdə ən əsas yük təbii ki, dövlət qurumlarının üzərinə düşür. İqtisadiyyatımızda rəqabət mühiti gücləndirilməli, sahibkarlığın inkişafı intensivləşdirilməli, dəyər yaradan qeyri neft sektoru üzrə real iqtisadi sahələr inkişaf etdirilməli, xüsusiilə ixrac yönümlü sahələr təşviq edilməli, intellektual kapital gücləndirilməli, bundan əlavə dövlət büdcəsi, dövlət layihələri və investisiyaları daha ciddi nəzarət edilməli və ölkə prezidentinin də qeyd etdiyi kimi israfçılığın qarşısı alınmalıdır. Sadə dildə desək, ölkəyə valyuta mədaxili qeyri neft sektorunun inkişaf etdirilməsi yolu ilə artırılmalı, ölkədən valyuta məxaricinə isə ciddi nəzarət olunmalı və valyutanın qeyri effektiv məxarici azaldılmalıdır.
Mikro iqtisadi sahədə müəssisə və təşkilatlar öz idarəetmə effektivliklərini artırmalı, rəqabətə davamlı, dayanıqlı inkişafı təmin edən, toplam keyfiyyəti artıran yenilikçi idarəetmə yanaşmalarını mənimsəməli və tətbiq etməlidirlər.
Fərdlər isə, öz şəxsi effektivliklərini və peşəkarlıqlarını inkişaf etdirməlidirlər. Yaranmış böhran  vəziyyətindən ən çox bəhrələnəcək olanlar zənnimcə ambisiyalı, öz sahələrini yaxşı bilən peşəkarlar olacaqdır. Belə ki, rəqabət mühitinin zəif olduğu şəraitdə şirkət rəhbərliyi kadr seçimində daha çox loyallıq, yaxınlıq, tanışlıq prinsiplərinə yer verirdirsə, rəqabət mühitində şirkətin ayaqda dura bilməsi üçün performans prinsipinə yer veriləcək və şirkətə dəyər qatan və qazandıran işçilər ön plana çıxa biləcəkdir.
Eyni qaydada, yenə də rəqabət mühitinin zəif olduğu şəraitdə rəhbər işçilərdən daha çox protokol səriştələri, dil bilikləri və standart kvalifikasiyalar tələb olunurdusa, rəqabət mühitində işçinin real performansı diqqətə alınacaqdır.
Düşünürəm ki, neftin qiymətinin kəskin ucuzlaşması iqtisadi əsaslara deyil, daha çox siyasi əsaslara söykənir və bu vəziyyət gələcəkdə əvvəlki səviyyəsində olmasa belə, müəyyən mənada bərpa olunacaqdır. Lakin hal-hazırki vəziyyətin əslində üçün bizim üçün bir şans olduğu və neft erasının sonuna hazırlaşmağımız üçün əhəmiyyətli bir siqnallar verdiyi qənaətindəyəm. Eyni zamanda neftin qiymətinin azalması ilə bağlı yarana biləcək böhran vəziyyəti ilk baxışdan ölkəmiz və iqtisadiyyatımız üçün ciddi problem kimi görünsə də, düzgün antiböhran siyasəti, ölkə iqtisadiyyatının effektivliyinin artırılması, real iqtisadiyyat və rəqabət mühitinin inkişaf etdirilməsi yolu ilə bu problemi əslində üstünlüyə çevirmək fürsəti əldə etmək və növbəti iqtisadi mərhələyə uğurla keçməyimiz mümkündür.

mənbə : g5team.az

No comments:

Post a Comment