G5

G5

Tuesday, July 23, 2013

MÜHƏNDİSLİK SİSTEMİ, KORPORATİV YADDAŞ VƏ KPB


Rəqiblərindən daha sürətli öyrənən şirkət rəqabətdə bir addım önə keçə bilir.

“Ustalıq sistemi” adlı məqaləmdə bu sistemin nə olduğu, şirkət üçün nə kimi risklərinin olduğu haqqında fikirlərimi sizinlə bölüşmüşdüm. Bu dəfəki yazımda isə, idarəetmə sisteminin belə bir hal almaması üçün hansı addımlar atılmalı olduğu barədə fikirlərimi bildirməyə çalışacağam.
Ustalıq sisteminin mövcudiyyət səbəbi, idarəetmə sisteminin tam reqlamentləşdirilməməsidir. İdarəetmə sisteminin reqlamentləşdirilməmsi dedikdə, şirkət üzrə fəaliyyətləri tənzimləyən normativ sənədlərin olmaması və ya yetərsizliyi nəzərdə tutulur. Reqlamentləşdirilməmiş sistemlərdə, sistem işləyişi ilə bağlı ortaya çıxacaq problemlər əvvəlcədən müəyyən edilmədiyinə görə proses axışında qeyri müəyyənliliklər və dayanmalar baş verə bilir. Bundan əlavə, bu halın şirkətin ümumi idarəetmə sistemi daxilində ən çox təsir etdiyi sistemlərdən biri də şirkətin insan resursları sistemidir. Belə ki, əvvəlki məqalədə də qeyd etdiyim kimi, ustalıq sistemi səriştəsiz işçi qüvvəsinə səbəb olur.

Nə etmək lazımdır?

Bu cür şəraitdə fəaliyyət göstərən və sistemin ağırlıq və fəsadlarını öz üzərlərində hiss edən şirkətlər vaxt itirmədən ustalıq sisteminin alternativi olan mühəndislik sisteminə və ya başqa bir ifadə ilə keyfiyyət idarəetmə sisteminə keçid almalıdırlar.

Necə?
  • Şirkətin strategiyasına uyğun olaraq şirkətin biznes proseslərin modellənməsindən başlanılmalıdır (Şirkət strategiyasının var olduğunu qəbul edirik).
  • Biznes proses modelini hazırladıqdan sonra bu prosesləri reqlamentləşdirmək lazımdır. Yəni, prosesi tənzimləyən prosedur, qayda, təlimatlar, məlumat axışını tənzimləyən formalar hazırlanmalıdır. Hazırlanmış sənədlərin mövzu ilə əlaqəli qanunveriiliyin tələblərinə, elmi araşdırmalara, digər böyük şirkətlərin təcrübələrinə, istifadə olunan dəzgah, avadanlığın standartlarına və istifadə qaydalarına uyğun olmasına diqqət yetirmək lazımdır.
  • Bu reqlamentlərə əsasən proseslər üzrə iş axışı diaqramları, texnoloji marşrutlar çəkilməlidir.
  • Hər bir işçinin ona aid olan reqlamentlərin öyrənməsini təmin etmək lazımdır. Bundan ötrü, vəzifələr üzrə reqlament matriksi hazırlanmalı, reqlamentlər üzrə biliklər şirkətin səriştəlilik matriksinə “tələb olunan texniki biliklər” olaraq daxil edilməlidir.
  • Korporativ yaddaşın formalaşdırılması və korporativ öyrənmə sistemi işçilərin səriştəlliklərinin artırılması. Bu maddəni bu günkü məqalənin əsas mövzularından olduğu üçün yeni bir başlıqda yazmaq istərdim.


KORPORATİV YADDAŞ

Korporativ yaddaş ən geniş mənada şirkətdəki fəaliyyətlərin və əməliyyatların qeydiyyata alınması ilə formalaşan məlumatlar toplusudur. Korporativ yaddaşı, şirkətlərin idarəetmə sistemlərinin inkişaf səviyyəsinə görə 2 mərhələyə bölmək olar :

İdarəetmə uçotu

Idarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün rəhbərə lazım olan informasiyanın hazırlanması prosesini ehtiva edir. Idarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir.
Idarəetmə uçotu əməliyyatların uçotuna əsaslanaraq müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.
İdarəetmə uçotu çox zaman insanlar tərəfindən mühasibat uçotu kimi qəbul edilir. Lakin proses idarəetmə yanaşmasına görə idarəetmə uçotu anlayışı geniş məfhumdur. Proses normativlərini və uçotunu, korporativ hesabatçılıq və sənəd dövriyyəsinin uçotu da qəbul olunacaq qərarlar üçün çox əhəmiyyətli baza təşkil edir.
Qərar qəbul etmək üçün keçmiş fəaliyyətlərlə bağlı güclü yaddaşın olması kifayət etmir. Yaddaşda olan məlumatlara sürətli bir şəkildə çıxa bilmək, məlumatları əlaqələndirmək və istənilən tipdə hesabatları ala bilmək ən az yaddaş qədər əhəmiyyət daşıyır. İnsanlarda beyin böyük yaddaş anbarı hesab edilir. Lakin beyindən məlumatları toplayan və emal edən sinir sistemlərində problemlər olduğu zaman məlumatların beyində saxlanılmasına baxmayaraq insanlar keçmişi xatırya bilmir. Və ya qısa yaddaş itkisi və yaddaş zəifliyi ilə rastlaşırlar. Bununla əlaqədar olaraq deyə bilərəm ki, şirkətlərin idarəetmə uçotunun effektiv olması və güclü korporativ yaddaşlarını formalaşdıra bilmələri üçün bu sistem yaxşı bir proqram təminatı ilə dəstəklənməlidir.

Korporativ Öyrənmə

Şirkətə və gördüyü işə əlavə dəyər qatan insan kapitalının inkişafı üçün effektiv öyrənmə metodları ilə korporativ öyrənmə anlayışının həyata keçirilməsi, eyni zamanda korporativ mədəniyyət və şirkət performansına, iş nəticələrinə birbaşa təsir edərək şirkətlər üçün davamlı inkişaf və rəqabətdə üstünlük əldə  etməsinə səbəb olur. Rəqiblərindən daha sürətli öyrənən şirkət rəqabətdə bir addım önə keçə bilər. Korporativ öyrənmə sistemi içərisində bu məqalə ilə bağlı toxunmaq istədiyim əsas mövzulardan birincisi, biznes proseslərin, reqlamentlərin bazası və bu reqlamentlərin öyrənilməsi sistemidir. Reqlamentlərin üzrə səriştəlilik mühəndislik sistemi üçün olduqca əhəmiyyətlidir. Proses məntiqi ilə məsələyə yanaşsaq, şirkət biznes proseslərdən ibarət olduğu üçün bu proseslərin düzgün işləməməsi, məlumatların və fəaliyyətlərin iş axışı diaqramları üzrə düzgün axışının təmin olunmaması şirkət fəaliyyətinin natamamlığına və qarşıya qoyulan hədəflərə çatılmamasına səbəb olacağını görə bilərik. Təbii ki, bu problem də o prosesləri icra edən işçilərin proseslər üzrə tələb olunan səriştəyə sahib olmamalarından və prosesin necə işlədiyi, qarşıya çıxacaq problemlərin necə həll olunacağı haqqında məlumatsızlıqdan yaranır. Şirkət üzrə hazırlanmış bütün reqlamentlər bazası və bu reqlamentlərin üzrə texniki biliklərin öyrədilməsi üçün nəzərdə tutulmuş öyrənmə sistemi böyük ölçüdə işçi səriştəsizliyi ilə bağlı problemləri aradan qaldıracaqdır. Amma bu texniki biliklərin öyrənilməsi təkbaşına kifayət etmir və şirkətin İnsan Resursları Sistemi çərçivəsində digər alt sistemlərində dəstəyi çox vacibdir.
Korporativ öyrənmə sistemi ilə bağlı digər mövzu isə, G5 qrupu olaraq “Korporativ Presedentlər Bazası” (bundan sonra KPB) adını verdiyimiz məlumat toplama, saxlama və optimallaşdırma sistemidir. KPB məfhumu şirkəti ayrı ayrı mütəxəssislərin asılılığından qurtarır, birisinin uğurlu təcrübəsini bütün işçilərlə paylaşaraq öyrənmə sürətini artırır, şirkətin yenilikçilik və yaradıcılıq gücünü artıraraq inkişafına təkan verir.
KPB, hər hansı bir proses üzrə ortaya çıxan və həlli əvvəlcədən təyin olunmayan problemlərin uğurlu həllərinin bir bazada qeydiyyata alınmasıdır. Bu bazadakı məlumatlar eyni zamanda düzəldici və önləyici təkliflər kimi çıxış edərək aidiatı proses üzrə reqlamentlərin inkişaf etdirilməsinə də gətirib çıxardır.
KPB-nın effektiv işləməsi üçün əvvəla şirətin korporativ mədəniyyətinin inkişaf etdirilməsi, öyrənmə mədəniyyətinin yaradılması və insanların öz təcrübələrini paylaşmaları üçün motivasiya zəmininin hazırlanması lazımdır.

mənbə : g5team.az

No comments:

Post a Comment