G5

G5

Thursday, July 18, 2013

USTALIQ SİSTEMİ


Ustalıq sistemi, müəssisədə fəaliyyətləri tənzimləyən normativ bazanın yetərsizliyi fonunda yaranmış korporativ səriştəsizlik və bu səriştəsizlik mühitində işçilərin işləri hər hansı tənzimləyici sənədlərə və təlimatlara uyğun olaraq deyil, öz şəxsi praktikalarına və ya digər nisbətən daha təcrübəli işçilərin göstərişlərinə əsasən icra etmələridir.

Şirkətlərin insan resursları baxımından ən böyük problemlərindən biri, işini dərin bilməyən, aşağı səriştəli iş gücüdür. Xüsusilə, texniki biliyin daha çox tələb edildiyi qəliz texniki proseslərin olduğu istehsal müəssisələrində bu problem daha qabarıq şəkildə özünü biruzə verir.
Hamımızın bildiyi kimi, şirkətin insan resurslarının səriştəlilik səviyyəsi həmin şirkətin biznes proseslərinin effektiv işləməsinə, şirkətin strateji hədəflərinə, maliyyə göstəricilərinə təsir edir. Səriştəsiz iş gücü problemi şirkətlərə dolayısı ilə effektivsizlik, performans azlığı kimi problemləri də özü ilə birlikdə gətirir.
Bütün bu maliyyə və performans fəsadlarını bir kənara qoyaraq bu dəfəki məqaləmdə çox vaxt gözardı edilən, üzərində az durulan bir mövzu haqqında bəhs edəcəyəm – korporativ səriştəsizlyin səbəb olduğu ustalıq sistemi.

Nədir axı bu ustalıq sistemi?

Ustalıq sistemi, müəssisədə fəaliyyətləri tənzimləyən normativ bazanın yetərsizliyi fonunda yaranmış korporativ səriştəsizlik və bu səriştəsizlik mühitində işçilərin işləri hər hansı tənzimləyici sənədlərə və təlimatlara uyğun olaraq deyil, öz şəxsi praktikalarına və ya digər nisbətən daha təcrübəli işçilərin göstərişlərinə əsasən icra etmələridir.
Normativ bazanın yetərsizliyi təbii olaraq müxtəlif prosesər və ya struktur bölmələr üzrə iş ilə bağlı problemləri öz şəxsi təcrübələrinə əsasən həll edən ustaları yetişdirir. Bu ustalar öz strukturları üzrə sayılıb seçilir və digər “şagird” statusunda olan az təcrübəli işçilərə yol göstərirlər. Nomativ baza, korporativ öyrənmə sistemi və korporativ yaddaşın olmaması səbəbi ilə ustalıq əsasən təcrübə və iş stajı ilə qazanılır.

Ustalıq sistemi şirkət üçün bir çox risklər daşıyır.
  • Əsaslandırılmamış iş bilikləri : Bir struktur bölmədə digərlərini istiqamətləndirən ustaların iş haqqında biliklərinin nə qədər əsaslandırılmış olduğu hər zaman sual işarəsi altında qalır. Çünki bu biliklər konkret elmi nəzəriyyələr əsasında qazanılmır və ya bu biliklər şirkətin bütün proseslərin yuxarıdan baxılaraq, proseslərin qarşılıqlı əlaqəsini görərək qazanılmır. Bu səbəbdən bu biliklərdə səhv olma ehtimalı və riski vardır.
  • Ustaların şantajı : Ustalıq sistemində ustalar proseslərin icrasında əhəmiyyətli rola sahib olurlar və bu şəkildə proseslərin və dolayısı ilə şirkətin onlardan asılılığı yaranır. Yaranmış asılılıq ustaların şirkəti şantaj etməsinə, daha yüksək əməkhaqqı, daha artıq sosial güzəşt və müavinətlər tələb etməsinə səbəb ola bilər.
  • Məlumatın paylaşılmaması : Ustalar təcrübə və bilikləri ilə qazandıqları üstünlüyü və gücü, bu bilikləri paylaşaraq itirmək istəməzlər.  Bu baxımdan da, ustaların nəzarətində olan şagirdlərin yetişmə müddəti çox vaxt çox uzun çəkir. Hətta bəzən bir şagirdin tam öyrənmə müddəti ustanın pensiyaya çıxması və ya ölümünə yaxın bir vaxta kimi davam edə bilər.
  • Məlumat itkisi: Usta şirkəti tərk etməklə uzun zaman qazandığı bilik və təcrübələrini də özü ilə aparır. Bu məlumat itkisini bərpa etmək üçün şirkətə yenidən uzun illər lazım olur.
  • İşdən qorxma : Ustalıq sistemində görülən işin və rastlaşılan problemlərin çərçivələri və həlli yolları əvvəlcədən müəyyən olunmadığına görə çox vaxt şagird statusundakı işçlər tərəfindən iş mücərrəd, qəliz, kompleks fəaliyyətlər toplusu kimi görünür. İşin tələb etdiyi bilikləri öz monopoliyasında saxlayan ustalar isə qəhrəman kimi.
Mövzuyla əlaqəli şəkili bir dostumun mənə danışdığı məzəli bir əhvalatı sizinlə bölüşmək istəyərdim. Amma əhvalatın bütün baməzə yerlərni bu məqalədə yaza bilməyəcəm.
Şəkidə bir şirniyyat ustası olur. Çox yaxşı tel halvası bişirirmiş. O kişidən başqa o bölgədə tel halvası hazırlaya bilən yox imiş. Başqa şirniyyatçılar nə qədər  çalışsalar, nə qədər test eləsələr də halvanın tərkibini tutuzdura bilmirlərmiş. Kişi də ömrünün sonuna kimi halvanın tərkibi ilə bağlı sirrini heç kimlə bölüşmür. Yanındakı şagirdləri nə qədər çalışsalar da bu sirri öyrənə bilmirlər. Belə ki, halvanın son prosesini kişi özü birbaşa icra edir və həmin prosesi heç kimə həvalə etmirmiş. Bu kişinin ahıl çağlarında bir şagirdi olur. Bu oğlan da nə qədər kişini güdürsə bir şey əldə edə bilmir. Bir gün kişi xəstələnir və ölüm döşəyinə düşür. Şagirdini çağırıb deyir : “Oğlüm, bu günə kimi sirrimi hamıdan gizləmişəm. Amma bu son günlərimdə sirrimi səninlə bölüşəcəm. Mən halva bişirilən zaman əlimin içində limon duzu saxlayırdım, siz görmürdünüz. Ən axırda halvanı qarışdıran zaman bu duzu halvanın içinə qatırdım. Sirrim budur. Bu sirrimi heç kimə bildirmə. İndi isə get və işi dava etdir”.
Kişi bunu deyir və bir müddət sonra canını tapşırır. Oğlan da öyrəndiyi sirri bütün dost-tanışına yayır. Bundan sonra artıq şəkidə hamı o halvadan bişirməyə başlayır.
Göründüyü kimi, əslində iş o qədər qəliz deyilmiş. Sadəcə digər şirniyyatçılar da halvanın tərkibi və hazırlanma qaydalarını bilsədilər halvanı rahat hazırlaya bilərdilər.
Ustalıq sistemi sadəcə vəzifəsinin adı usta olanları əlaqələndirən bir sistem deyil. Ustalıq sistemi sadəcə istehsalat proseslər ilə də çərçivələndirilmir. İnsan Resursları strukturunda da, maliyyədə, marketinqdə də ustalıq sistemi ola bilər. Yetər ki, ustaların yetişməsi üçün “münbit” şərait olsun.
Çox uzun olmasın deyə yazını hələlik burada tamamlayıram. Gələn dəfəki məqaləmdə ustalıq sistemi ilə necə mübarizə aparmaq olar, mühəndislik sistemi, korporativ yaddaş kimi mövzuları əhatə edərək mövzunu davam etdirməyə çalışacağam.

mənbə : g5team.az

No comments:

Post a Comment