G5

G5

Thursday, June 5, 2014

YENIBIRISH.AZ SAYTINA MÜSAHİBƏM


İnsan resurslarının idarə olunması sahəsində tanınmış mütəxəssislərdən biri olan Elvin Mahmudov ilə müsabihə
Əziz oxuyucularımız, həmsöhbətimiz insan resurslarının idarə olunması sahəsində tanınmış mütəxəssislərdən biri olan Elvin Mahmudovdur. Qafqaz universitetinin magistridir. 31 yaşı var. Ailəlidir. 1 qızı vardır.

Elvin müəllim, bildiyimiz qədər siz Azərbaycan Dövlət Neft Şirkətində insan resursları sahəsində əhəmiyyətli bir layihəyə rəhbərlik edirsiniz. Layihə haqqında bizə məlumat verə bilərsinizmi?

Qısaca onu deyə bilərəm ki, layihəmiz ARDNŞ-nin insan resurslarının idarə olunması sistemlərinin infrastrukturunun yenidən qurulması, bərpası, modellənməsi və inkişaf etdirilməsini hədəfləyir. Bununla bağlı layihəni iki mərhələdə ələ alıb icra edirik. İlk mərhələdə biznes proseslərin analizi, modellənməsi, eyniləşdirilməsi, optimallaşdırılması işləri, ikinci mərhələdə iş analizləri, yetkinlik və kvalifikasiya modeli və xəritələnməsi, vəzifə dərəcələndirilməsi və əməkhaqqı sistemləri ilə bağlı həllərin tətbiqi nəzərdə tutulur.

Layihə ilə bağlı çətinlikləriniz olurmu?

Hər bir işin özünəməxsus çətinlikləri vardır. Layihənin həcmi, müxtəlifliyi təbii ki, bəzi problemlər yaradır. Bir də layihənin icra olduğu şirkətin Azərbaycanın ən böyük şirkəti və kapital həcminə görə dünyanın 68-ci böyük şirkətinin olması məsuliyyətimizi bir az daha artırır. Amma komanda üzvlərimizin peşəkarlığı, bilikləri, üstün keyfiyyətləri və məsuliyyətləri sayəsində rastlaşdığımız hər cür çətinliklərin öhdəsindən gələ bilmə potensialına malikik.

Azərbaycanda insan resurslarının idarə olunmasının vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə bu gün sahibkarlar İR strukturlarına lazımı qədər etibar edib səlahiyyət verirlərmi?

Mən elə düşünürəm ki, ölkə iqtisadiyyatının inkişafı, dünya iqtisadiyyatına inteqrasiyanın artması və xarici biznes strukturları ilə qarşılıqlı münasibətlərin inkişafı, ölkədə rəqabət mühitinin inkişaf etməsi ilə birlikdə ümumən insan resursları strukturlarının əhəmiyyəti və rolları artmışdır. Təəssüf ki, ölkəmizin bütün şirkətləri haqqında bunu demək düzgün deyil.

İnsan resurslarının inkişafının təməlində təşkilatların fəaliyyət göstərdiyi sektor və mühitin fomalaşdırdığı ehtiyyac dayanır. Sahibkar belə bir ehtiyyacı hiss etdiyində İR strukturunu biznes partnyor kimi görə bilər və lazımi investisiyaları İR struktrunun inkişafı üçün ayıra bilər. Hal-hazırda fəaliyyət göstərdiyim ARDNŞ-də eyni prosesin şahidi oluruq.

Şirkətlərin vakant yerlərinin doldurulmasında işə düzəltmə şirkətlərinin rolunu necə qiymətləndirirsiniz?

İşə düzəltmə şirkətləri və təlim şirkətləri insan resursları nümayəndələrinin əsas xarici partnyorlarıdır. Təbii ki, İR strukturları işə düzəltmə şirkətlərinin sayılarının çox, xidmətlərinin keyfiyyətli olmasını və davamlı inkişaflarını arzulayırlar. Ölkəmizdə işə düzəltmə xidmətlərini təklif edən bir neçə şirkətlər vardır. Lakin İR strukturları kimi işə düzəltmə şirkətləri də üzərlərində işləməli və özlərini inkişaf etdirməlidirlər.

Şirkətlər əksər peşələr üzrə vakant pozisiyalarını onlara birbaşa ünvanlanan müraciətlər və internet resurslarından istifadə edərək doldururlar. İşəgötürən markası böyük olan şirkətlərin öz namizəd bazalarının formalaşdırmaları çətin olmur. Digər şirkətlər də işçi axtarışı xidmətləri verən internet səhifələri və sosial mediadan effektiv istifadə edərək iş axtaranlara çıxış əldə edə bilirlər. İnternet resurslarından xüsusilə linkedin şəbəkəsini qeyd etmək istərdim. Şirkətlərin 80%-dən çoxu yetənək axtarışında linkedin şəbəkəsindən istifadə edir.

Lakin ölkəmizin əmək bazarının mövcud vəziyyəti və iş axtaranların kvalifikasiya yetərsizlikləri şirkətləri Steven Hankinin deyimi ilə desək məhdud sayda olan “Yetənək uğrunda müharibə”də bir addım önə keçə bilmələri üçün işədüzəltmə və hedhantinq şirkətləri ilə işləməyə məcbur edir. İşə düzəltmə şirkətləri əsasən yüksək kalibrli peşəkarların, rəhbər və mütəxəssislərin cəlbində əhəmiyyətli rol oynayır.

Universitetdən yeni məzun olan gənclər şirkətlərə iş üçün CV göndərərkən ən çox nəyə diqqət etməlidirlər? Nəzərə alsaq ki onları təcrübəsi yoxdur.

Karyeram boyunca bir neçə yeni məzun olmuş, hətta təhsilini davam etdirən gənc, təcrübəsiz və ya az təcrübəli kadrlarla işləmə fürsətim olmuşdur. Gənc və püxtələşməmiş bir kadrı müəyyən bir istiqamətdə yetişdirmək inanın ki, insana zövq verir. Gənclərlə karyera qurma mövzusunda indiyə kimi xeyli fikir mübadiləsi aparmışıq. Bu fikirləri sizinlə də bölüşmək istərdim.

Mən gənclərin CV göndərməmişdən əvvəl etmələri gözlənilən fəaliyyətlərə daha çox əhəmiyyət verirəm. Bunlar staj və praktika, təlim və kurslar, sosial aktivlik və netvörkinqdir. Düşünürəm ki, karyera qurmaq istəyən gənc təhsilinin minimum son iki ilində bu və ya digər şəkildə şirkət və təşkilatlarda əməli praktika keçməlidir və bu praktika sadəcə universitetə təqdim edilən bir sənədi əldə etmək üçün deyil, az da olsa müəyyən iş bacarıqlarına və biliklərinə yiyələnmək məqsədi daşımalıdır. Çünki təcrübə ilə əldə olunan bilik və bacarıqlar universitetlərdə tədris olunmur.

Hər bir iş axtaran gənc həyatında ən azı bir problemi həll edə bilməli, hansısa şəkildə öz liderlik xüsusiyyətlərini problemin həllinə tətbiq edə bilməlidir. Liderlik sadəcə anadangəlmə bir xüsusiyyət deyildir. Hər bir insanda az və ya çox bu xüsusiyyət vardır. Önəmli olan liderlik xüsusiyyətini cilalayıb parıldada bilməkdir. Bu da əsasən daha çox praktika edərək mümkün olur.

Bundan əlavə ölkəmizdə kifayət qədər güclü təlim mərkəzləri vardır, hansı ki onların bəzi peşələr üzrə verdiyi biliklər və təmin etdiyi sertifikatlar ali təhsil müəssisələri tərəfindən təmin edilə bilinmir. Məsələn, gələcəkdə maliyyə, mühasibat sahəsində karyera qurmaq istəyən gənclərin ACCA, CIMA kimi beynəlxalq sertifikatları əldə etmələri onları iş tapmaq problemlərini kökündən həll edə bilər. Peşə təlimi və sertifikatlarından başqa gənclər iş dünyasına atılmamışdan əvvəl dil biliklərini də inkişaf etdirməlidirlər.

Son olaraq da, gənclərə sosial aktiv olmalarını, müxtəlif insanlarla, qruplarla əlaqələr yaratmalarını və əlaqələrini daima inkişaf etdirmələrini tövsiyyə edirəm. Qeyd edim ki, çox vaxt iş axtarışı zamanı netvörkinq ən az bilik və bacarığınız qədər rol oynayır.

Təbii ki, sadaladığım bu üç əhəmiyyətli məsələnin ən başında həmin gəncdə olan vizyon, istək və iradə durur. Əgər bir gəncdə bu iradə yoxdursa digər şeylər haqqında danışmaq yersizdir.
Siz özünüz müsahibə zamanı ən çox diqqət etdiyiniz xüsuslar nələrdir?

Müsahibə etdiyim vəzifənin xüsusiyyətinə görə dəyişir. Amma ümumiləşdirsəm, liderlik, analitiklik, öyrənmə həvəsi və qabiliyyəti, yenilikçilik və yaradıcılıq qabiliyyətlərini sadalaya bilərəm. Müsahibimin iş təcrübəsi də mənim üçün əhəmiyyətli kriteriyalardandır.

İşə yeni başlayanlara adaptasiya dövrünü rahat keçə bilmələri üçün tövsiyyələriniz nələrdir?

İşə sevərək gəlsinlər, kollektivlə yaxşı münasibət qursunlar, işə gələrkən hər kəslə görüşsünlər, gedərkən hər kəslə vidalaşsınlar, işə öz yaradıcılıqlarını qatsınlar və məsuliyyətlərini və digər peşəkar xüsusiyyətlərini nümayiş etdirərək həm rəhbərlərinin, həm də iş yoldaşlarının sevgi, hörmət və etibarlarını qazansınlar.

Bizə tövsiyyələriniz?

Digərlərindən fərqlənmək. Bazarda olan rəqib şirkətlərin zəif tərəflərini yaxşı analiz edib bunu öz üstünlüyünüzə çevirə bilmənizi tövsiyyə edirəm. Məsələn, namizədin CV-sini yetkinlik analizi profili və əlaqəli psixoloji test nəticələri ilə birlikdə təqdim etsəniz bu istənilən İR əməkdaşı tərəfindən çox təqdirəlayiq qarşılanar və sizə böyük dəyər qatar.

Bundan əlavə, youtube kanalından istifadə etmənizi də tövsiyyə edərdim. Sizin də bildiyiniz kimi, youtube kanalı ziyarətçi sıralamasına görə google və facebookdan sonra 3-cü, axtarış səhifələri sıralamasına görə isə google-dan sonra 2-ci sıradadır. Bir də ki, insanlar uzun mətnləri oxumaqdansa görüntü izləməyə daha çox əhəmiyyət verir. Bəzi vakansiyalar üzrə iş elanlarını youtube kanalından verərək daha çox izləyici kütləsinə çıxış əldə edə və fərqlilik yarada bilərsiniz. Təbii ki, facebook, linkedin və twitter kimi digər sosial media vasitələrini də effektiv istifadə edə bilmək lazımdır.

Ən əsası isə dürüstlüyünüzü, müştəri yönümlülüyünüzü və dəyərlərinizi qoruyub saxlamağınızı tövsiyyə edərdim.

Bizə zaman ayırdığınız və bütün suallarımızı səmimi cavablandırdığınız üçün sizə təşəkkürümüzü bildiririk

Mən də sizə öz təşəkkürlərimi bildirir və işlərinizdə uğurlar arzulayıram.

No comments:

Post a Comment