G5

G5

Saturday, July 21, 2012

İSTEHSALAT MÜƏSSİSƏLƏRINDƏ ƏMƏYİN MƏHSULDARLIĞININ ARTIRILMASI VƏ ÖLÇÜLMƏSİ METODLARI

4 il bundan əvvəl yazdığım məqalə. Təsadüfən tapdım internetdə :


İSTEHSALAT MÜƏSSİSƏLƏRINDƏ ƏMƏYİN MƏHSULDARLIĞININ ARTIRILMASI VƏ ÖLÇÜLMƏSİ METODLARI 

İstər istehsalat, istər qeyri istehsal müəssisələrində işçilərin əməklərinin məhsuldarlığı (bundan sonra performans) şirkətin stratejik hədəflərinə çatmaqda çox böyük bir rol oynamaqdadır. İstehsalat müəssisələrində işçilərin performansı daha aydın nəzərə çarpır və ölçülməsi nisbətən asandır. 
İnsanın o günkü duyğu və hissiyatları, davranışları işinə birbaşa təsir göstərə, məhsuldarlığını artıra vəya azalda bilər. Bir avadanlıq vəya cihazın dəqiqəlik, saatlıq, günlük, aylıq istehsal miqdarı və gücü daha əvvəlcədən xronometraj aparılaraq dəqiq müəyyənləşdirilə bilinir. Lakin insan, yuxusuz, diqqətsiz, həvəssiz olarsa istehsalat həcminə, zay məhsul nisbətinə öz mənfi töhfəsini verə bilər. Əksinə, o gün gümrah olarsa, şirkət hədəfləri ilə öz hədəflərinin paralel olduğunu anlarsa, birbaşa rəhbərinə, şirkət rəhbərliyinə, şirkət prinsiplərinə bağlı və sadiq olarsa, gözləniləndən çox daha üstün performans göstərə bilər. 
Bu səbəbdən istehsalata rəhbərlik edən şəxslər, tabeçiliklərində olan işçilərinin motivasiyasına və performanslarının artırılmasına olduqca böyük diqqət yetirirlər. Bəs işçilərin motivasiyalarını artırılmasını necə əldə etməli və bunun üçün nələr olunmalıdır? 
İşçilərin motivasiyalarının artırılması üçün izlənəcək bir çox yollar vardır. Bu məqalədə bunların sadəcə birisi üzərində durulacaqdır: - Daha yüksək performansla işləyən işçinin əlavə premiya ilə həvəsləndirilməsi və işçilərin bu premiya üçün yarışdırılması. 
Bu premiyanın miqdarı insanı cəlb edəcək və üstün performans göstərməyə həvəsləndirəcək ölçüdə olmalıdır. Təbii ki, bu premiya ayrılmadan öncə büdcədəki işçilik xərcləri də nəzərə alınmalı və performans premiyası üçün lazım olandan daha artıq miqdarlar ayrılmamalıdır. Bundan əlavə, performansların ölçülməsi və premiyaların hesablanması çox adil şəkildə olmalıdır ki, insanların əməklərinin qarşılığını alacaqlarına ümidləri qırılmasın. Təcrübədə bəzən elə hallara rastlanılır ki, bu premiyaların verilməsi hansısa bir hesablamalara əsaslanmadan, sadəcə adət-ənənə şəklində müxtəlif periodlarda müxtəlif işçilərə paylanılır. Premiyanın verilməsində əsas kriteriya isə, bu işçinin daha əvvəl bu premiyanın alıb-almamasıdır. Bu faktora olduqca diqqət edilməli, premiyanın alınmasının sadəcə işçinin göstərdiyi performansa bağlı olduğunu işçilər dərk etməlidir. Bu məsələdə HR menecerlərə və istehsalat rəhbərlərinə böyük məsuliyyət və yük düşür. Onlar işçilərin performanslarını ölçmə metodlarını müəyyən etməli, aylıq olaraq bu hesablamaları aparmalı, haqq edən işçilərin premiyalarını almasını təmin etməli və işçilər arasında lazımi maarifləndirmə, təbliğat və təşviqat kampaniyalarını aparmalıdırlar. 
Bəs performans hesablamaları necə aparmalı, hansı göstəricilər, kriteriyalar əsasında bu hesablamalar aparılmalıdır? 
Ümumiyyətlə istehsalat prosesi müxtəlif avadanlıq və cihazlar vasitəsi ilə aparılır. İlk əvvəl ediləcək şey, bu avadanlıqların istehsal həcmlərini dəqiq müəyyənləşdirməkdir. Xronometraj üsulu ilə, maşının dörlər sayı müəyyənləşdirilir və buna paralel olaraq, saatlıq, günlük və aylıq norma istehsalat miqdarları və bununla da ilk performans göstəricimiz əldə olunur. Hər aylıq işçilərin bu normativləri nə dərəcədə və hansı faiz nisbətində yerinə yetirmələri ölçülür. 
İstehsalat prosesində hər zaman zay məhsullar nəzərdə tutulur. İstehsalat həcmi böyükdürsə və proseslər qəlizdirsə bu zay məhsulun ümumi istehsala olan faiz nisbəti daha çox olur. İstehsal rəhbərləri və HR menecerlər daima bu zay məhsul miqdarının azaldılması üçün müxtəlif planlar hazırlayır və tədbirlər görürlər. Məhsulun zay olmasının aşağıdakı səbəbləri ola bilər : 
- İstehsalatda istifadə olunan xammadə və materialın zay olması və bu şəkildə istehsalata buraxılması. Bu halda, məsuliyyəti təchizat, logistika, anbar, keyfiyyət funksiyaları daşımalıdır. Ən böyük məsuliyyət isə keyfiyyətin üzərinə düşür. Belə ki, istehsalata girən və istehsalatdan çıxan bütün malların keyfiyyətinə bu bölmə tərəfindən ciddi nəzarət aparılmalıdır. 
- Avadanlıqların səbəb olduğu zay məhsular. Avadanlığın xarab olması səbəbi ilə, məhsulların istehsalatında, qablaşdırılmasında müxtəlif fiziki vəya kimyəvi təxribatlar və defektlər yarana bilər. Bu halda məsuliyyət ən çox texniki heyətin üzərinə düşür. Təbii ki, avadanlığı istifadə edən işçi də problemlə bağlı vaxtında lazımi şəxslərə məlumat verməli və lazımi tədbirləri görməlidir. 
- Avadanlığı istifadə edən işçinin səbəb olduğu zay məhsullar. Ümumiyyətlə, bu cür problemlərə daha çox rast gəlinir. İşçinin yorğunluğu, təcrübəsizliyi, həvəssizliyi, bacarıqsızlığı vəya pis niyyəti məhsulların zay olmasına gətirib çıxarda bilər. Bu mövzu üzərində ciddi dayanılmalı və bacarıldığı qədər zay məhsul nisbətinin azaldılmasına səy göstərilməlidir. 
Bu şəkildə, işçilərin performans göstəricilərinin birisini də müəyyən etmiş olduq. Deməli, qiymətləndirmə kriteriyalarımızdan biri də işçinin səbəb olduğu zay məhsul nisbətidir. 
Bunlrdan əlavə, işçininn qiymətləndirilməsində hər zaman işçinin psixoloji vəziyyəti, davranışları da diqqətə alınır. Sırf istehsalatda işləyən texniki işçi, maşinist, operator, fəhlə vəzifələrində işçilərin performansı daha çox işçinin məsuliyyəti, işə yanaşması, təlimatlara, qaydalara riayyət etməsi kimi kriteriyalarla ölçülür. Rəhbər vəzifələr üçün isə qiymətləndirmə kriteriyaları bir az dəyişir. Bu vəzifələrdə liderlik, insiativ alma, aşağılarını inkişaf etdirmə, ünsiyyət, komanda işi, düşünmə, problem həll etmə vs kimi rəhbər vəzifələrə xas kriteriyalar ön plana çıxır. 
Beləliklə, işçilərin yuxarıda göstərilən kriteriyalar əsasında aylıq olaraq performansları qiymətləndirilərsə, bu qiymətləndirmə tam ədalətli şəkildə aparılarsa və işçilərə qiymətləndirilmənin aparılması və kriteriyaları barəsində məlumat verilərsə və onlar daha yaxşı performans üçün yarışdırılarsa, əmin ola bilərsiniz ki, müəssisənizin istehsal gücündə artış, zay məhsul nisbətinizdə azalış və işçilər arası münasibətlər və işçilərin məsuliyyətlərində yaxşılaşmanın şahidi olacaqsınız. 

No comments:

Post a Comment